“Keşişlərin, rahiblərin və mollaların bir çoxları insanların mallarını haqsızlıqla yeyir və onları Allah yolundan döndərirlər” “Quran”. Oxucularımın ən çox ünvanladığı suallardan biri də siğə ilə bağlıdır. Yəni, bu məsələnin qanunlar toplusu olan “Quran”da öz əksini tapıb-tapmaması ilə bağlı suallar verilir. Sualların çoxluğunu nəzərə alıb, yazımı bu mövzuya həsr etmək qərarına gəldim. Öncə qeyd edim ki, siğə İslam dini və onun müqəddəs qanunlar kitabı olan “Quran”la heç bir əlaqaəsi olmayan, iyrənc bir haldır. Çünki, bu barədə Allah-təala buyurur ki, qadın bir kişidən ayrıldıqdan sonra üç ay gözləyib, bu müddətdə üç dəfə heyz görməsə başqa bir kişiylə əlaqədə ola bilməz: “Boşanan qadınlar üç dəfə heyz görüb təmiz-lənincəyə qədər başqa ərə getməyib gözləməlidirlər. Əgər o qadınlar Allaha və qiyamət gününə inanıb-larsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar.” (“İnək” surəsi 228) “Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşa-yın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allah-dan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allahın müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar) ”. “Boşan¬ma” surəsi 1-5-ci ayələr Üç aylıq gözləmə müddəti ona görədir ki, qadın dünyaya uşaq gətirərsə, körpənin atası barədə cəmiyyətdə şübhə yaranmasın. İran mollaları “Quran”ın bu hökmünü pozurlar. Görəsən bir qadını gündə bir və yaxud ber neçə kişiyə siğə edən mollalar gələcəkdə doğulacaq uşağın atasını müəyyən edə biləcəklərmi? Bu gün dünyada fitnə-fəsad törədən adamlar elə bu cür qarma-qarışıq şəkildə dünyaya gələnlər (zinadan törəyənlər) deyilmi?! Bunu gördükləri halda özünə “din xadimi” deyənlər bu cür iyrəncliyə necə rəvac verirlər?! Bu cür fitnə-fəsada rəvac verənlər pis niyyətlərini pərdələmək üçün “Qadınlar” surəsinin 24-cü ayəsindən istifadə etməyə çalışırar (daha doğrusu ayəni siğəyə işarə kimi şərh etməyə çalışırlar). Amma, ayəyə açıq gözlə nəzər saldıqda burada heç bir siğədən falandan söhbət getmədiyinin şahidi oluruq: “Sahib olduğunuz (cariyələr) istisna olmaqla ərli qadınları almaq sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə ha-lal edildi. İstifadə etdiyiniz (evləndiyiniz) qadınlardan zövq aldığınıza görə onlara, vacib buyurulmuş mehrlərini verin. Bu mehr müəyyən edildikdən sonra öz aranızda razılaşdığınız şeyə görə sizə heç bir günah olmaz. Həqiqətən, Allah Biləndir, Müdrikdir”. İran mollaları ayədəki “istifadə etdiyiniz” ifadəsini siğə zamanı istifadə etməyə yozurlar. Əslində isə, burada evlənərək, həyat yoldaşı kimi istifadə olunan qadından söhbət gedir. Son günlər KİV-də yayılmış bir xəbər diqqətimi çəkdi. Xəbər bundan ibarətdir ki, İranda açılmış yeni sayt siğə xidməti göstərir. Yəni, əks cinsə ehtiyacı olan insanlar bu sayta müraciət etməklə və lazımi vəsaiti (təqribən 60 dollardan 500 dollara qədər) ödəməklə bir saatdan 99 saata qədər qadın “kirayələyə” (onların təbirincə desək siğə edə) bilərlər. Həmin saat başa çatdıqdan sonra isə, həmin qadını başqa bir kişıyə... və s. siğə edirlər. İran qapalı və ciddi rejimli bir dövlət olduğundan, bu cür saytların xidməti özfaliyyət olması mümkün deyildir. Deməli, bu saytın qadın kirayələmə xidmətinə dövlət (İran həm də şəriət qanunları ilə idarə olunur.) qanunları icazə verir. Qeyd edim ki, bundan əvvəl də İran qanunarı bir neçə saatlıq qadın siğə etməyə icazə verir və bu ölkədə bu cür hallar demək olar ki, dəbdədir. Bütün bunlar şəriət adıyla insanlara sırındığından məsələyə münasibət bildirmək qərarına gəldim. Sayt vasitəsi ilə, yaxud, real həyatda bir qadını saat, gün hesabı ilə kişilərin ixtiyarına verən mollanın priton kassirindən nə fərqi oldu? Fərqi varsa göstərin! Pritona girənlər saat hesabı pul odəyib çek alırlar, mollalar da eyni qayda ilə cinsəl təlabatını ödəmək istəyənlərdən pul alıb, “siğə” kağızı (oxu: çeki) verirlər. Saat bitəndə hər iki kağız qüvvədən düşür və zibil qabına atılaraq, hər kəs öz işinin dalınca gedir... Açıq demək lazımdır ki, belə ölkələrdə mollalar “siğə” adı altında qadın ticarətinə nəzarət edirlər. Ona görə də bu sahədə qanunları sərtləşdirirlər ki, heç kəs cəsarət edib mollanın icazəsi (çeki) olmadan bir qadına yaxın durmasın. İran qanunlarında belə hal daşqalaq olunmaqla nəticələnir. Mollanı “gördükdə” isə, heç bir məhdudiyyət yoxdur. Necə deyərlər: “Kəndxudanı gör, kəndi çap”. İslam dini eyni vaxtda birdən dördə qədər qadınla evlənməyə icazə verir; bir şərtlə ki, onların hamısı eyni hüquqlu olsun – birinə az, birinə çox, qayğı göstərilməsin və müddətlə evlənilməsin: “...sizə halal olan (bəyəndiyiniz) başqa qa-dınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyil-sinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.” (“Qadınlar” surəsi 3-cü ayə) Müşahidələr göstərir ki, qadınların bütün tələbatı ödənərsə, birdən artıq kişiylə yaşamağa meyilli olmurlar. Kişilərdə isə əksinə, nə qədər tələbatları ödənsə də, yenə də müxtəlifliyə meyilli olurlar. Bu da kişi ruhunun xüsüsiyyəti ilə əlaqə-dardır. Allah-təala yaratdığı varlığın xüsusiyyətini nəzərə alıb, qanun Kitabında (“Quran”da) bir kişinin eyni vaxtda dördə qədər qadınla nigahlanmasına icazə verir. Dövlətlərin qanun yazanları insanlar üçün qanun yazarkən, bundan nümunə götürüb, cinslərin xüsusiy¬yətlərini nəzərə almalıdırlar ki, cəmiyyətin nizamı pozulmasın. Suallar gəlir ki, nigah əslində necə bağlanmalıdır? “Quran” bu mövzuda nə deyir? Allahın buyurduğuna görə istər nigah bağlananda, istərsə də pozu¬landa bu ən azı iki nəfər şahidin qarşısında elan olunmalıdır ki, Allah qəbul etsin. Şahidsiz bağlanan nigahlar İslamda qəbul olunmur və zina sayılır. “...içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin! Bununla Allaha və axirət gününə iman gətirənlərə öyüd-nəsihət verilir. Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər.” (“Boşanma” surəsi, 2) “Quran”ın heç bir ayəsində yazılmayıb ki, nigah bağlanarkən, yaxud, pozularkən buna molla hansısa bir sənəd (kəbin, siğə və s.) verməlidir. Müqəddəs kitabda bu işləri edərkən (ən azı) iki şahid tutun deyir. Sual olunur ki, bəs niyə indiyədək bu işləri mollalar həyata keçiriblər? Nəzərə almaq lazımdır ki, daha əvvəllər ölkəmiz şəriət qanunları ilə idarə olunub və qazilik insitutu mövcud olub. Bu insitut indiki VAAQ və məhkəmə funksiyasını yerinə yetirirdi. Ona görə də həmin dövrlər evlənənlər qazinin yanına gəlib evliliklərini rəsmləşdirirdilər ki, gələcəkdə aralarında mülk mübahisəsi yaranarsa, qazinin verdiyi möhürlü sənədlə bu mübahisələri həll etsinlər. Qazi iki nəfərin şahidliyi ilə onların nigahın rəsmiləşdirib, bu barədə möhürlü sənəd verirdi (şahidlər öldüyü halda sənəd qalırdı). Göründüyü kimi, burada qazinin verdiyi kəbin kağızı ancaq hüquqi sənəd sayılırdı və gələcəkdə mülkü mübahisələri həll edirdi. Qadınla kişinin biri-birinə halal olması, yəni, nigahın Allah dərgahında qəbul edilməsi üçün isə, iki nəfərin şahidliyi təmin edilirdi. İndi həmin funksiyanı VAAQ şöbələri həyata keçirir və burada da nigah və boşanma prosesi iki nəfərin şahidliyi ilə həyata keçirilir. Bu tamamilə normal, həm dövlət, həm də şəriət qanunlarına uyğun bir prosesdir. Amma, təssüflər olsun ki, insanlarımız qədimdə mövcud olmuş molla idarəçiliyini unuda bilmədiklərindən, indi də onlardan kağız almaq adətini tərgidə bilmirlər. (Burada yadıma xalq arasında işlənən: “İt əl çəkdi, motal əl çəkmədi” məsəli düşdü.) Bunun bir ziyanı olmasa da heç faydası da yoxdur. Çünki, bu gün mollaların verdiyi kəbin kağızı ilə VAAQ şöbəsinin verdiyi nigah şəhadətnaməsinə baxsanız, eyni sözlərin yazıldığını görərsiniz. Sadəcə, biri Azərbaycan, digəri Ərəb dilində yazılıb. İnsanların avamlığından, “Quran”dan bixəbərliyindən və qədimlərdə mövcud olmuş adətləri tərgidə bilməmək mərəzindən İran mollaları bu gün sui istifadə edirlər. Qadınları saat hesabı siğə adı ilə kirayəyə verərək, küllü miqdarda pul qazanmaları da, bu qaydanı pozanlara ölüm hökmü kəsmələri də insanların avamlığından irəli gəlir. Görünən odur ki, mollalar İslam dinindən qadın ticarətini nəzarətdə saxlamaq üçün istifadə edirlər. Belə olmasaydı onlar öz qızlarını və yaxud ailələrinə mənsub olan qadınları bir neçə saatlığa siğəyə verərdilər. Heç bir molla buna razı olmur!? Adama deyərlər ki, özünə rəva bilmədiyini başqasına necə rəva bilirsən?! Budurmu sənin dinin? Heç görmüsənmi, eşitmisənmi sənin Peyğəmbərin, hansısa imamın özünə rəva bilmədiyini başqalarına rəva bilə? Elə isə sən kimin yolundasan? Şeytanınmı? Bəzi mollalar bu cür yaramazlığa haqq qazandırmaq üçün cəmiyyətdə pozğunluğun, fahişəliyin artmasını bəhanə gətirirlər. Deyirlər ki, biz siğə etməsək də onsuz da o adamlar gedib cinsi əlaqədə olacaqlar. Bu arqument çox gülməlidir. Belə çıxır ki, mollalar əxlaqsızlığa “İslam” donu geydirməyə çalışırlar, onu “şəriət” pərdəsi ilə pərdələyirlər. Bu lap pisdir. Olmazmı ki, siz o cür niyyətlə müraciət edənlərə “Quran”la öyüd-nəsihət verəsiz və onlara ömürlük nigah bağlamağı tövsiyyə edəsiniz? Özünüz də bu müqəddəs işə şahidlik və vasitəçilik edəsiniz! Niyə məhz Allahın bəyənmədiyi işlərə şahidlik və vasitəçilik edirsiniz?! Əgər həqiqi din xadimisinizsə başqalarının övladlarına da öz övladınız kimi baxıb, düzgün yol göstərməli deyilsinizmi?! Sizlərdən fərqli olaraq mən həm öz övladlarıma, həm də oxucularıma üzümü tutub deyirəm: əgər siz günah qazanmaq istəmirsinizsə və Allahın razı qaldığı (bəyəndiyi) bir həyat yaşamaq istəyirsinizsə, onda İran mollalarının dediklərinə yox, Allahın “Quran”da buyurduqlarına əməl edin. Bəyəndiyiniz biri ilə evlənmək istəyirsinzisə və dövlət qanunları buna yol vermirsə, onda hər tərəfdən (həm qız, həm oğlan) azı iki şahid tutun və onların qarşısında ər-arvad olduğunuzu elan edin. Üzərinizə şəriətə müvafiq öhdəlik götürün. Ən əsası odur ki, bu nigahı müddətsiz bağlayın. Ailəniz namusunuzu qoruyursa, nigahınızı heç zaman pozmayın. Belə etsəniz Allah sizi mollaların əlində kirayə vasitəsi olmaqdan qoruyar və üzünüzə səadət qapısı açar. Yetər ki, siz öz ədəbiniz, əxlaqınız və yaşam tərzinizlə bu sədətə layiq olasınız. Allah hamınızı xoşbəxt eləsin. Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi
0 Comments
Leave a Reply. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |