Bir neçə il qabaq rayonlardan birində (müəyyən səbəblərdən yerin adını yazmıram) qədim bir pirin tarixi ilə bağlı araşdırma aparırdım (həmin pirdə dəfn olunan Allah dostu barədə “DOĞRULAN ÜMİDLƏR” kitabımda geniş bəhs etmişəm). Orada mənə maraqlı və ibrətamiz bir hadisə danışdılar. Həmin hadisəni sizinlə paylaşmaq istəyirəm. Deməli, həmin kənddə gənc və əsəbləri pozuq olan bir qız yaşayırmış (elə indi də yaşayır). Qız həmişə cırıq-cındır geyimdə, saçları pirtlaşıq halda küçədə o yan-bu yana gedərmiş... Həmin kənddə yaşayan və ağızdan "pədravay" bir oğlan həmişə buna söz atıb, gülərmiş... Ona çox tapşırsalar da, nəsihət etsələr də qıza söz atmağından qalmazmış... Bir gün həmin qız pirin mücövürçüsünün evinə gəlir ki, gəl mənimlə həmin (tədqiq etdiyim) övliyanın qəbrini ziyarətə gedək. Mücövürçü razılaşır və bir neçə nəfərlə birlikdə kəndin kənarındakı qəbiristanlığa ziyarətə gedirlər. Qızı günbəzə salıb, digər gələnlər bayırda otururlar. Görürlər ki, qız qəbrin kənarında uzanıb və yuxuya gedib. Nəhayət oyanır və üstünün səliqəsizliyinə, saçlarının pərişanlığına görə oradakı adamlardan utanmağa başlayır (hansı ki, gələndə cırıq libasına görə utanmırdı). Qız yüyürərək, özünü evlərinə çatdırır. O gündən onun küçədə gəzdiyini görən olmur... Aradan bir müddət keçəndən sonra kənddə toy olur və həmin qız da başqa qızlar kimi, qəşəng geyimdə, müasir saç düzümündə, makiyajlı - falanlı toyda oturur. Bir vaxtlar ona söz atan oğlan da toyda imiş. Oğlan bu qızı görcək, gözəlliyinə hayıl-mayıl olur və gerçəkdən vurulur qıza. Nə qədər çalışsa da qızı unuda bilmir. Fikrini ailəsinə deyəndə razı olmurlar ki, bir vaxtlar sən ona küçədə söz atırdın və bunun üstündə qızın qohumları ilə söz-söhbətimiz olurdu; indi biz necə ona elçi gedə bilərik? Lakin oğlanın uzun müddət israr etdiyini və başqasıyla evlənməyəcəyini görüb, razılaşırlar və elçi gedib, qızı alırlar. İndi onlar xoşbəxt ailədirlər. Bu əhvalat yadıma Mövlanə ilə Tavusi Gənci adlı bir qadının əhvalatını saldı. Onu da yazaq ki, fikrimiz tamamlansın: Mövlanə Cəlaləddin Rumi vəzir Ziyaəddinin karvansarasına gəlmişdi. Həmin karvansarada Tavusi Gənci adlı bir qadın da yaşayırdı. Qadın əxlaqi cəhətdən nalayiq ad çıxartmışdı və bu səbəbdən də karvansarada yaşayırdı. Mövlanə bu qadının otağının qarşısında oturdu. Qadın Mövlanəni otağının qarşısında görəndə inanmadı. Dərhal gəlib Mövlanəni öz otağına dəvət etdi. Mövlanə böyük hörmətlə dəvəti qəbul edib, Tavusi Gəncinin otağına girdi. Orada namaz qılmaq və dua etməklə məşğul oldu. Bu qadın üçün də dua etdi. Çıxıb gedərkən də sarığının ucundan bir parça kəsib ona verdi. Həmin gün Əmir Şərafəddin də o karvansaraya gəldi. Tavusi Gəncini görən kimi ona aşiq oldu. Halbuki Əmir bu qadını əvvəllər də tanıyırdı. Amma ilk dəfə onu gözəl görüb sevdi və ona evlənməyi təklif etdi. Evləndikləri gecə Əmir Şərafəddin Tavusi Gəncidən soruşdu: -Səni zamanın Rəbiəsi (VII əsrdə yaşamış qadın övliya) kimi görməyimin səbəbi nədir? Tavusi Gənci başındakı sarıq parçasını göstərərək belə dedi: -Məni daxilim və xaricimlə dəyişdirən Mövlanənin kərəm əlidir. Biri-birini tamamlayan bu iki əhvalatda çox böyük ibrətlər vardır. Bundan ancaq ağıl sahibləri faydalanarlar... Paşa Yaqub
0 Comments
Etiraf etməliyik ki, qanuni oğrular bu gün cəmiyyətə çox böyük nüfuz etməkdədir və demək olar ki, söz sahibidirlər. Hətta bir çox dövlətlər hazırda mafiya (oğru) qanunları ilə idarə olunur. Bu səbəbdən cəmiyyətdə kriminal hadisələr çoxalmışdır (etiraf edək ki, ən çox oxunan da dedektiv janrında olan əsərlərdir). Bütün bunları nəzərə alıb, kriminal aləmə elmi - ladunla bir nəzər salmaq qərarına gəldim. Qeyd edim ki, bu aləmin əsas "atributu" barmaq izləridir. Odur ki, sahəni işıqlandırmağa da buradan başlayaq. Bildiyimiz kimi, barmaq izlərini araşdıran dünyəvi elm DAKTİLOSKOPİYYA adlanır. Bütün elmlərin mənbəyi Qurandadır. Bəs Daktiloskopiyya necə? Bu elm müqəddəs kitabda necə əksini tapıb? Nəzərinizə çatdırım ki, insanın anatomik quruluşunda olan saysız-hesabsız hikmətlərdən biri də barmaq izləridir. Dünya yaranandan nə qədər insan gəlib-getsə də, heç birinin barmaq izləri bir-birinə bənzəmir. Quranda bu mövzuda cəmi bir ayədə söhbət açılaraq bildirilir ki, qiyamət günü insanlar dirildilərkən, həmin izlər olduğu kimi bərpa olunacaq və əməlləri ona həmin izlərlə sübut olunacaq: "Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4. Elmi - ladun mənə işarə verdi ki, Quranın birinci ayəsindən başla, 75-ci surənin 4-cü ayəsinə qədər say, gör nə görəcəksən. Mən də tənbəllik etməyib saymağa başladım. Həmin barmaq izlərindən bəhs edən yeganə ayəyə çatanda gördüm bu Quranın 5555 - ci ayəsidir. Deyəcəksiniz ki, nə olsun? Buradakı hikmət ondan ibarətdir ki, insanda iki əl və iki ayaq olmaqla, hər birində 5 barmaq vardır. Bunların dördünü yanaşı qoyduqda 5555 ədədi alınır ki, bu da "Qiyamət" (75) surəsinin 4 - cü ayəsini göstərir: "Bəli, Biz onun barmaqlarını da (barmaq izlərini) düzəltməyə qadirik!" Quran, 75:4.(5555-ci ayə) Bu və digər hikmətlər onu göstərir ki, Quranın sözləri Allaha məxsus olduğu kimi, onun düzülüşü və nömrələnməsi də Rəbbimə məxsusdur. Odur ki, əməllərinizə diqqət edin. Çalışın ki, barmaq izləriniz ancaq gözəl əməllərin üzərində qalsın. Çünki hansı vəzifədə işləməyinizdən aslı olmayaraq, bir gün mütləq əməlləriniz araşdırılacaq! Paşa Yaqub Öz cahilliyimiz və nadanlığımız ucbatından bal arısına yox, EŞŞƏK ARISINA bənzəyirik" ÖZÜMÜZƏ BAXIB DÜŞÜNƏK: YAŞAMAQ HAQQIMIZ VARMI?! "Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və insanların qurduqları çardaqlarda (evlərin damında) özünə evlər tik (pətəklər sal)" Quran. Ayədən görünür ki, Allah-təala bal arısının insanların gözünün qabağında yaşamasını və fəaliyyət göstərməsini tapşırmışdır ki, insan ona baxaraq, nümunə götürsün. Hamımıza məlumdur ki, bal arısı cəmiyyətində çox demokratik bir idarəetmə və rəhbər seçkisi vardır. Belə ki, rəhbərliyə namizədlər hərəsi pətəyin bir tərəfində dayanıb təbliğat məqsədi ilə səs çıxarırlar. Pətəkdəki arılar heç bir dava-şava olmadan, zorakılıq göstərmədən yarısı bir namizədin, digər yarısı isə, o biri namizədin ətrafına toplaşır. Beləliklə, bir yuvaya sığmayan arı ailəsi bu yolla iki yerə bölünür və iki yuva yaradılır. Toplanmış ümumi bal (büdcə) iki ailə arasında halallıqla bölünür...Buradan görünür ki, Allah bal arısını ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaradıb. Çünki, bal arısı ailəsi öz zəhmətkeşliyi, çalışqanlığı, ciddi nizam-intizamı, təmizkarlığı (paklığı) və faydalılığı ilə bütün canlılardan üstündür. Məhz buna görə də Allahın məhəbbətini qazanaraq adına surə nazil olmuşdur. Bəs biz necə? Özümüzə rəhbər seçərkən, ailə, dövlət... qurarkən Allahın bizə nümunə yaratdığı bal arısından ibrət götürdükmü? Gəlin öz əməllərimizi, hərəkətlərimizi qarşımıza qoyub fikirləşək, görək XXI əsrdə yaşayan və danışanda "ağzına çullu dovşan sığmayan" bizlərin arı qədər ağlımız varmı? Və yaratdığımız cəmiyyətə, seçdiyimiz rəhbərə, etdiyimiz idarəçiliyə baxıb, heç olmasa öz vicdanımız qarşısında, Allahımız qarşısında utanıb xəcalət çəkəyin!!! HAŞiYƏ Qabil öz qardaşı Habili öldürdükdən sonra peşman oldu. Cəsədlə nə edəcəyini bilmədi. Doğma qardaşının cəsədi olduğuna görə ata da bilmirdi. Ona qədər insan ölümü olmadığına görə cənazə ilə necə hərəkət edəcəyini bilmədi. Ona görə də cəsədi iplə özünə sarıyıb, bir neçə gün o yan-bu yana sürüdü....Belə olduqda Allah iki qarğa göndərdi. Qarğalar Qabilin gözünün qarşısında biri digərini öldürdü. Sağ qalan qarğa ayağı ilə yeri eşib, ölmüş qarğanı çökəyə atıb, üstünü torpaqla basdırdı...Qabil bunu görüb, iki əlli başına vurdu: Vay mənim halıma, gör nə gündəyəm ki, qarğa qədər də ağlım yoxdur! Bu gün biz cəmiyyət olaraq iki əlimizi başımıza çırpmalıyıq ki, XXI əsrin insanı olmağımıza baxmayaraq, cibimizdə palaz-palaz diplomlar gəzdirməyimizə, qalaq-qalaq kitablar yazmağımıza baxmayaraq, o qədər cahil və nadanıq ki, Allahın bir arısı qədər də ağlımız yoxdur!!! Onların etdiyini edəcək şüur bizdə yoxdusa, bizim yaşamağa haqqımız varmı?! Biz cəmiyyət olaraq, öz cahilliyimiz və nadanlığımız ucbatından qurduğumuz dövlət və idarəçiliklə bal arısına yox, EŞŞƏK ARISINA bənzəyirik - faydasız, qəddar və ziyankar. Kül olsun bizim ağlımıza! Barı yaratdığımıza, qurduğumuza və idarəçiliyimizə baxıb, utanıb yerə girək! Etdiyimiz səhvlərə görə Allahdan üzr diləyək, tövbə edək və səhvimizi düzəltməyə çalışaq!Əks halda bizim yaşamaq haqqımız olmaz! Paşa Yaqub |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |