Hələ ta qədimdən cəmiyyətimizdə çərşənbələrə və digər bu qəbildən olan bayramlara münasibət birmənalı olmayıb. Belə ki, əhalinin çox hissəsi bu tip bayramları qeyd etsə də, cəmiyyətimizin dindar kəsimi (ərəb mənbələrini oxuyanlar) bayram haqda “Quran”da xəbər verilmədiyindən, onu inkar edirlər. Bildiyimiz kimi, çərşənbələrin sayı - Su, Torpaq, Yel (hava) və Od (enerji) - olmaqla, dörddür. Elmi-lədun araşdırmalarımız göstərir ki, tariximizdən gələn bu ənənə insanın yaradılış ünsürləri ilə üst-üstə düşür. Belə ki, insan - torpaq, su, hava və ruh (enerji) olmaqla - dörd ünsürdən yaranıb. Həmçinin, təbiət də - yaz, yay, payız, qış olmaqla, dörd fəsildən ibarətdir. Eləcə də Kainat - Şərq, Qərb, Şimal və Cənub olmaqla, dörd cəhətdən ibarətdir. Allah-təalanın nazil etdiyi səmavi kitabların sayı da - “Tövrat”, “Zəbur”, “İncil” və “Quran” olmaqla - dörddür. Müqəddəs “Qurani-kərim”də kainatın altı gündə (Bazar günündən başlamaqla, Cümə günü başa çatıb.) yaranması qeyd olunmuşdur. İki günə Yer, iki günə isə, insanların qidalanması üçün Yer üzərində olanlar (ruzilər) yaradılmışdır. Sonrakı iki gündə isə, göydə olanlar yaradılmışdır: “Doğrudanmı siz Yeri iki gündə (!) yaradanı inkar edir və Ona şəriklər qoşursunuz? O ki, aləmlərin Rəbbidir!” “O, Yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və Allahdan ruzi istəyənlər üçün bərabər olaraq Yer əhlinin ruzisini dörd (!) gündə müəyyən etdi”. “Quran”, “Müfəssəl izah” surəsi, 9-11. Bu ayələrin mahiyyəti ilə, insanın yaradılışı və dörd çərşənbənin qeyd olunması arasında əlaqə aydın şəkildə görünür. Odur ki, bəzi dindarların Novruz bayramının dinə uyğun olmaması haqdakı fikirləri əsassızdır. Məlumdur ki, Novruzun (yeni günün) gəlişi ilə torpaqda oyanış yaranır və əkinçilər ruzi əldə etmək üçün fəaliyyətə başlayırlar. Onların fəaliyyətlərinin əsas istiqaməti TORPAQ və SUdur. Bahar fəslində əsən YEL isə, meyvə ağacları üçün rəncbər (əkinçi) rolunu oynayır. Yəni, ağacların toxumlarını kənara səpələməklə, onların tozlanmasını (mayalanaraq, ruzi verməsini) təmin edirlər. Baharın gəlişi ilə havanın hərarəti artır ki, OD-da buna işarədir. Sual yarana bilər ki, ruzi ilə bağlı olan bu mərasimlər niyə məhz çərşənbə günləri qeyd olunur? Məsələ burasındadır ki, yuxarıdakı "Quran" ayəsi ilə hesabladıqda, ruzinin yaranması həftənin ikinci və üçüncü (çərşənbə axşamı və çərşənbə) günlərinə düşür. Odur ki, mərasimlər də bu günlərdə keçirilir. Yeri gəlmişkən, SU çərşənbəsi haqda bir qədər geniş bəhs etmək istərdik. Bildiyimiz kimi, Yerin 71 faizi sudan ibarətdir. Eyni zamanda insan orqanizminin də 71 faizinin sudan ibarət olmasını elm təsdiq etmişdir. Bu fakt insanın və Kainatın yaradılmasında necə bir İlahi qanunauyğunluğun olduğunu sübut edir. Burada diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, 71 ədədi “Quran”da da SU ilə bağlıdır. Belə ki, dəryadan bəhs edən "Nuh" surəsinin sıra nömrəsi 71-dir (!). Bütün bunlar yaradılışın necə bir nizamla və biri-birinə bağlı yaradıldığını bir daha sübut edir. Bundan ibrət alanlara salam olsun!
0 Comments
“... Səni də yalnız (möminlərə) müjdə verən və (günahkarları cəza ilə) qorxudan sifəti ilə göndərdik”. “Quran”, 17:105. Elmi-lədun mövzusunda sirləri açıqladıqca elektron poçtuma müxtəlif mövzularda suallar gəlməkdədir. Suallardan bir qurupu da Peyğəmbərlik mövzusundadır. Yəni, indiki dövrdə bu məqama yüksəlməyin mümkün olub-olmaması barədədir. Bu mövzuda sualların çoxluğunu nəzərə alıb, cavabını Moderator.az saytı vasitəsi ilə bütün oxuculara çatdırmaq qərarına gəldim. Öncə qeyd edim ki, peyğəmbərlik haqqında Yer əhlinin təsəvvürləri tamamilə yanlışdır. Belə ki, Peyğəmbərlik kamilliyin sonuncu mərhələsidir. “Quran” məntiqinə görə bu mərhələ (məqam) heç kəsin üzünə qapana bilməz. Sadəcə, bu mərhələyə yüksəlmək insandan cəsarət və iradə tələb edir. İnsan bir məqama layiq olarsa Allah o məqamı həmin bəndəsindən əsirgəməz. Əks halda bu ədalətsizlik olardı ki, bu da ədalət sahibi olan Allaha yaraşmaz. Bu, ona bənzəyər ki, abutiryent universitetə qəbul olmaq üçün lazım olan balı toplayar, amma ona deyələr ki, sən filan ildə, yaxud filan yerdə doğulmusan, filan millətdənsən, ona görə sənə olmaz. Belə ədalətsizliyi Allahdan gözləyirsizmi? Şəxsən mən gözləmirəm və bunun belə olmadığını da bilirəm! Sual edirəm: biz nə vaxt peyğəmbərlərin etdiyi əməlləri təkrarladıq, onların əxlaqına, imanına, səxavətinə sahib olduq, Allah bizi onların məqamına yüksəltmədi? İş orasındadır ki, biz peyğəmbərlərin əməllərini təkrarlamırıq, bir-birimizi istismar edirik, zülm edirik, sonra da deyirik ki, indi heç kəs Peyğəmbərlik məqamına yüksələ bilməz... Əgər biz bir məqama layiq deyiliksə, bu o demək deyil ki, o məqama heç kəs layiq deyil və yüksələ bilməz! “Quran”da yüzlərlə ayə vardır ki, istənilən adamın bu məqama yüksələ bilməsinə və vəhy qəbul etməsinə işarə verilir: "Allah Öz əmri ilə mələkləri vəhy ilə bəndələrindən istədiyinə (!) göndərib belə buyurar: “İnsanları (əzabımla) qorxudub bu həqiqəti Mənim adımdan onlara bildirin: “Məndən başqa heç bir tanrı yoxdur. Məndən qorxun!” “Bal arısı” surəsi, 2-ci ayə. Bu və digər ayələrdə Allah-təala istədiyi bəndəsinə vəhv göndərə biləcəyinə, istədiyi bəndəsini özünə xəbərverən (carçı) seçə biləcəyinə açıq-aşkar işarə verir. İstəyirsiniz “Quran”ı dərk etməyin və peyğəmbərlik məqamına yüksəlməyin sirrini sizə açım: - İndiyədək etdiyiniz günahlara görə tövbə edin; - Təkəbbürdən və lovğalıqdan uzaq olun; - Sadə həyat tərzi keçirin; - Cəmiyyət üçün faydalı olmağa və onlara düz yol göstərməyə çalışın və özünüz buna nümunə olun; - Əxlaqınızı saflaşdırın və “Quran”a uyğunlaşdırın; - Quranı oxuyarkən orada mötərizə arasında (“Ya Məhəmməd”, “Ya Peyğəmbər”) yazıldığını gördüyünüz zaman xəyalən mötərizə arasında öz adınızı təsəvvür edin və həmin vəhyi özünüzə gəlmiş kimi qəbul edib, yerinə yetirməyə çalışın. - “Quran”da zalımlardan, münafiqlərdən, kafirlərdən bəhs edərkən və tərcüməçilər mötərizə arasında VII əsrə aid ad çəkdikcə, siz o adın yerində tanıdığınız bu xarakterli adamların adını təsəvvür edin. Onda “Quran”ı tam dərk edəcəksiniz və tanıdığınız yaxşı-pis bütün insanların obrazlarını bu kitabda görəcəksiniz. Bir müddət belə (“Quran”ın buyurduğu kimi) yaşadıqdan sonra, görəcəksiniz ki, “Quran”ın bütün ayələrini vəhy şəklində qəbul edirsiniz və oradakı əsas (kamil) obrazlardan biri olduğunuza əmin olacaqsınız. Bir məqamı da diqqətinizə çatdırım ki, “Quran” 114 surədən ibarətdir və sonuncu - 114-cü surəsi “İnsanlar” adlanır. Deməli, 114 ədədi tək “Quran” rəmzi olmayıb, həm də İNSANLAR rəmzidir. Çünki, müqəddəs kitabda bütün növ insanların obrazları verilib. Bu obrazların hamısının - həm peyğəmbərlərin, həm firoonların, nəmrudların - prototipləri hər zaman cəmiyyətdə görünüb, görünür və qiyamətədək də görünəcəkdir! Heç özünüzə sual vermisinizmi ki, “Quran”ı vəhy şəklində qəbul edən Əhmədə niyə müqəddəs kitabda “Məhəmməd” deyə xitab olundu? Sualın cavabı budur ki, nə qədər ki, kamilləşməmişdi, Əhməd idi, kamillik məqamına yüksələndən sonra artıq Məhəmməd oldu. Yəni, Məhəmməd “Quran”da kamillik simvoludur. Yer üzərində keçmişdə, indi və gələcəkdə yaşayacaq bütün kamil insanların simvoludur. Allah bu məqama yüksəlməyi hamımıza nəsib edə bilər. Yetər ki, insan öz iman, əxlaq və gözəl əməlləriylə bu məqamı haqq etsin. “Ey kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə nə bir müjdə verən, nə də bir (Allahın əzabı ilə) qorxudan kimsə gəldi” - deməməyiniz üçün.ş sizə Peyğəmbərimiz gəldi. Artıq sizə müjdə verən və qorxudan (xəbərdarlıq edən) şəxs gəlmişdir. Allah hər şeyə qadirdir!” “Süfrə” surəsi, 19. “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” “Quran”, 30:21. Ayədən göründüyü kimi, Allah qadını dostluq, sevgi və məhəbbət üçün yaradıb. Təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Təəssüflər olsun ki, bəzi kişilər yaradılış qanunlarını anlamaqda və qadınları dəyərləndirməkdə çətinlik çəkdiklərindən bir çox hallarda qadınların döyülməsi hallarına rast gəlirik. Belə kişilərə Həzrət Peyğəmbərimizin bir tövsiyyəsini xatırlatmaq istəyirəm: Bir qadın Həzrət Peyğəmbərin hüzuruna gəlib, ərinin hər gün onu döyməsindən şikayət etdi. Məhəmməd əleyhissəlam qadının ərini yanına çağırıb, nə üçün həyat yoldaşını döydüyünü soruşur. Kişi arvadının hər işinin yaxşı olduğunu, amma bir nöqsanlı vərdişini tərgitdirmək üçün onu tez-tez döysə də, bu xasiyyəti tərgidə bilmədiyini deyir. Peyğəmbərimiz bunun səbəbini belə izah etdi: - Yadında saxla ki, kişi (Adəm) torpaqdan, qadın (Həvva) isə, kişinin qabırğasından yaranıb. Qabırğanın bir başında olan əyrilik qadının hansısa bir xasiyyətində özünü mütləq büruzə verir və döyməklə düzəldilməsi mümkün deyildir. Sındırıb, xarab edərsən. Sən çalış bu nöqsanın üstünü örtəsən ki, kənardan görünməsin. İmam Sadiqdən söylənən bir hədisdə isə belə deyilir: “Həzrəti İbrahim (ə) Saranın xasiyyətinin pisliyindən Allaha şikayət etdi. Allah ona vəhy göndərdi ki, qadın əyri qabırğa kimidir. Əgər əyib düzəltmək istəsən, sınar. Əgər toxunmasan, sənə fayda verər. Buna görə onunla səbrlə rəftar et". Allahın və Onun Peyğəmbərinin verdiyi bu izahdan və tövsiyyədən bütün kişilər ibrət almalıdırlar. Yəni, öz qadınlarının nöqsanını qabartmağa yox, üstünü örtəyə çalışmalıdırlar. “Quran-Kərim”in “Qadınlar” surəsinin birinci ayəsində Allah-təala yaradılış haqda belə buyurur: “Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!” “Sədəf su almayınca əbri-nisandan gövhər verməz” (Məhəmməd Füzuli) Bildiyimiz kimi, gövhər (ləl-cəvahirat) dənizin dibində, sədəfin içində olur və o, gövhər olmamışdan qabaq ilbiz olur. İlbizin gövhərə çevrilməsi çox maraqlı və ibrətamiz bir prosesdir. Belə ki, içində ilbiz olan sədəf uzun bir məsafə qət edərək, dənizin dibindən üzünə doğru hərəkət edir. Və bu elə hesablanır ki, həmin üzə çıxma aprel (nisan) ayında baş verir; həmin gün ilk bahar yağışı yağır. Sədəf ağzını açaraq bahar (aprel) yağışının ilk damcısını udur və ağzını yumub təkrar okeanın dibinə qayıdır. Burada bir müddət ilbizlə bahar suyunun arasında reaksiya gedir və nəticədə gövhər (ləl-cəvahirat) yaranır. Dahi şairimiz Məhəmməd Füzuli bu ibrəta-miz prosesi bir misra ilə çox gözəl ifadə etmişdir: “Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan, Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”. İlbizin bahar yağışının təsiri ilə ləl-cəvahirata çevrilməsi prosesini insanın yaranışında da müşahidə etmək mümkündür. Belə ki, insanın ana bətnində yaranma prosesi bir növ gövhərin sədəfdə (örtülü, qapalı mühitdə) yaranma prosesinə bənzəyir. “Quran”da Rəbbim buyurur: "Biz sizi bir qətrə sudan (nüftədən) yaratdıq". Diqqətinizi maraqlı bir məqama cəlb edim ki, dənizin dibindən sədəfi tapanda, onu yarmamış, içindəkinin inci (gövhər), yoxsa muncuq olduğunu bilmək olmur. Ana bətnindəki övlad da belədir - dünyaya gəlməmiş, onun xeyirli və yaxud xeyirsiz olduğunu bilmək olmur. Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, insanın cismi də ruhu üçün sədəfdir (onu gizlədən örtükdür). Ruh nə qədər ki, cisimdə gizlənib, onun pak (inci durumunda), yoxsa çamur (muncuq durumunda) olduğunu bilmək mümkün olmur. Ruh sədəfdən azad olduqdan sonra, onun nuru zaman-zaman özünü müxtəlif formalarda büruzə verir. İlbizin bahar yağışının təsiri ilə ləl-cəvahirata çevrilməsi prosesini insan cəmiyyətində də müşahidə etmək mümkündür. Belə ki, hansı nəslin kökündə xeyirxah, əməlisaleh və yaxud kəramətli bir adam olubsa, zaman keçdikcə həmin nəsildən kimdəsə bu əlamət özünü büruzə verir. Dahi Füzuli bunu nəzərdə tutub deyirdi ki, “Sədəf su almayınca əbri-nisandan, gövhər verməz”. Yəni, əslindən-kökündən ilham almayan yaxşılıq edə bilməz və yaxud, kəramət göstərə bilməz. |
PAŞA YAQUBPsixoterapevt,
elmi-lədun bilicisi, 38 kitabın müəllifi Arxİv
May 2024
KateqorİyalarBu sayt və buradakı məlumatlar müəllif hüquqları ilə qorunur. Bütün kitab, məqalə, foto, audio və video materialların müəllif hüququ Paşa Yaquba aiddir. Müəllifin icazəsi olmadan ticari məqsədlər üçün materialları köçürmək, çap etmək, yaymaq qadağandır. Bütün hüquqları qorunur. © Paşa Yaqub, Bakı, 2015-2024 |